BOŞ YERƏ ÇALIŞIB YORULURLAR




Hər insan dünya həyatında özünə görə müvəffəqiyyət əldə etməyə çalışır. Maraqlandıqları mövzular bir-birindən xeyli fərqlənsə də, insanların hamısının ortaq xüsusiyyətləri vardır: cəhd və əməklərinin əvəzini almaq... Dünya həyatını məqsəd edib axirətə önəm verməyənlər dünyadakı cəhdlərinin əvəzini görməyin onun uğrunda yaşadıqları bütün sıxıntılara dəyəcəyinə inanırlar.

Halbuki, bu insanların əhəmiyyət vermədiyi vacib bir məsələ var: Allah`ın rizası. Bir işi və onunla bağlı olan nəticəni dəyərli edən Allah`ın o şəxsdən razı olmasıdır. Allah`ın rizasını düşünmədən bir işə cəhd etmək və ya uğur qazanmaq eynilə dünya həyatı kimi keçicidir, dünyadakı hər şey kimi bir gün yox olacaq. Bu səbəbdən, Allah inkarçıların dünyadakı cəhdini və gördüyü işləri ilğıma bənzətmişdir. Onlar axirətdə (Allah`ın diləməsindən başqa) dünyadakı əməllərinin boşa çıxdığını görəcəklər:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allah`ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)



Göründüyü kimi, bir şəxs Allah`ın rizasını güdmədən dünyalıq bir işi görərsə, Allah qatında bunun dəyəri olmaya bilər. Allah rizası üçün yaşamadıqca ətrafı bəyənsə də, yaxud yaxşı adam kimi tanınsa da, yenə əməlləri boşa gedər. Allah yaxşı işlər gördüyünü zənn edən bəzi insanların axirətdəki vəziyyətini Quranda belə bildirir:

O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 104)



İnsanın həvəslə bağlandığı şeylərin axirət nemətləri ilə müqayisədə çox dəyərsiz olduğunu öldükdən sonra anlaması sonsuz peşmanlığa səbəb olacaq. Həyatı boyu göstərdiyi cəhdin boşa getdiyini öyrənməsi bu üzüntüsünü sonsuzadək davam edən hüsrana çevirəcək. Allah bu insanların axirətdəki vəziyyətini belə bildirir:

Onlar axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)



Şübhəsiz, ömrü boyu göstərdiyi cəhdin puç olmasını heç kim istəməz. Bunun çıxış yolu insanın keçici dünya həyatı üçün deyil, sonsuz axirət həyatı üçün cəhd göstərməsidir. Əgər insan hər işində Allah`ın rizasını qazanmağı istəyərsə, bütün cəhdini Rəbbimizin bəyəndiyi əxlaqı yaşamaq üçün sərf edərsə, kiçik yaxşılığın belə əvəzini almağı uma bilər. Allah bir ayəsində hz.Loğmanın oğluna verdiyi nəsihəti belə bildirir:

(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)



Allah bir başqa ayəsində isə iman gətirənlərin yaxşı əməllərinə Öz lütfündən də artıracağını bildirmişdir:

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allah`a ibadət etməyi) özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allah`dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)



Elə isə yanlış yoldakı insan belə günlə qarşılaşmadan əvvəl tövbə edib Rəbbimizə yönəlməlidir:

Allah tərəfindən qarşısı alınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.