DÜNYANIN ÇƏKİCİLİYİNƏ ALDANMAYIB AXİRƏT ÜÇÜN ÇALIŞIRLAR




İman edənlər dünyada sahib olduğu bütün nemətlərin gerçək sahibinin Allah olduğunu və bütün bunları saleh əməl işləmək üçün verdiyini bilirlər. Buna görə, bütün imkanlarından Allah`a şükür etməklə Onun rizası üçün istifadə edirlər. Rəbbimiz iman edənlərin şükür etməsinə qarşılıq olaraq onların nemətini daha da artırıb mükafatlandıracağını müjdələmişdir:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7) Dünya həyatının keçici olduğunu qavrayan möminlər üçün bu həyata dair heç bir şey- nə sahib olduğu maddi imkanlar, nə işləri və nə də dost-tanışları onları Allah`ı anmaqdan və Onun rizasını qazanacaq əməllərdən yayındırar. Allah möminlərin bu xüsusiyyətini “Nur” surəsində belə bildirmişdir:

O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allah`ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)



İman edən bir insan Allah`dan başqa ilah olmadığını, Onun bütün varlıqların tək hakimi olduğunu və sonsuz güc sahibi olduğunu qavrayır. Bu səbəbdən, yalnız Allah`dan qorxur, yalnız Ona ibadət edir və yalnız Onun rizasını düşünür. Beləliklə də Allah`ın hökmlərinə ciddi şəkildə əməl edir. Çünki bilir ki, bu hökmlərin hər biri saysız hikmətlərlə doludur və bunlara əməl etmək bir çox xeyirlərə vəsilədir.

İnsan axirətdə Allah`ın fərz etdiyi namaz, oruc və s. kimi ibadətlər barəsində mütləq sorğu-sual olunacaq. Məsələn, namaz ciddi şəkildə, heç buraxılmadan, vaxtında və böyük şövqlə yerinə yetirilməsi gərəkən bir ibadətdir. Rəsulullah (səv) namaz qılmamağın və ya vaxtını qaçırmağın nə qədər təhlükəli olduğunu bir hədisində belə bildirmişdir:

İmam Şəfii və Beyhəqiyə görə Peyğəmbərimiz (səv): “Hər hansı bir vaxtın namazını qılmayıb vaxtını keçirənlər evi dağılanlar, mal-mülkünü əldən qaçıranlar kimidirlər”, -buyurur.
(İmam Qəzali, “Mükasəfətül-Kulub” “Qəlblərin kəşfi”)


Möminlər Allah`ın rizasını qazanmaq və Ona təslim olduğunu və boyun əydiyini göstərmək üçün ibadətləri böyük fürsət kimi görürlər.

Allah bu dünyada özünə nə qədər çox nemət və imkan versə də, iman edənlər üçün bunların heç biri Allah`ın rizasını qazanmaqdan daha önəmli deyildir. Çünki Quranda “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah`dan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz” (Tövbə surəsi, 24) ayəsinin hökmünə görə, bunun onları dünya və axirətdə hüsrana uğradacağının fərqindədirlər.

Yenə Quranın “Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə (çevrilmək təhlükəsi) olmasaydı, mərhəmətli (Allah`ı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik, zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allah`dan) qorxanlar üçündür” (Zuxruf surəsi, 33-35) ayələrində xatırladıldığı kimi, dünya nemətlərinin bütün ehtişamının keçici olduğunu, iman edənlər üçün Allah qatında nemətlərin ən gözəlinin olduğunu bilirlər.

Rəbbimiz dünya həyatının axirətlə müqayisədə saxta olduğunu qavrayan və buna görə də həyatını Allah`ın rizasını qazanmağa həsr edən qullarını bənzərsiz gözəllikdəki Cənnətlə belə müjdələmişdir:

Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ali-İmran surəsi, 136)



Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allah`ın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allah`dan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)



DÜNYADA DA, AXİRƏTDƏ DƏ XOŞBƏXTDİRLƏR



Allah Quran əxlaqına uyğun yaşayan möminlərə dünya və axirətdə gözəl həyat yaşadacağını vəd etmiş və bunun böyük qurtuluş və xoşbəxtlik olduğunu bildirmişdir:

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allah`ın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 64)



... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. (Taha surəsi, 123)



Bu həqiqəti dərk edən möminlər “Onlardan: “Ey Rəbbimiz! Bizə həm dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” (Bəqərə surəsi, 201-202) ayələrində bildirildiyi kimi, dua edərkən Allah`dan həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağı istəyirlər.

Möminlər dünya və axirətdə Allah`ın sonsuz ədaləti və mərhəməti ilə hüzurlu və rahat olurlar. Allah yalnız Özünü İlah qəbul etdikləri və şirk qoşmadan iman etdikləri üçün iman edən qullarına belə gözəllik verir. Rəbbimiz Quranda bəyəndiyi əxlaqı yaşadıqları təqdirdə iman edən qullarına dünya həyatında da nemət verəcəyini və onları qorxularından sonra əmin-amanlığa qovuşduracağını belə bildirmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)



Bir başqa ayədə Allah`ın iman edənlərə bu müjdəsi belə bildirilmişdir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

Bu sayt Harun Yəhyanın əsərləri əsasında hazırlanıb.